2026-cı il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Gədəbəy rayonunda qeyd olunub.
Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzüb, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirə muzeyinə baxış keçirilib.
Tədbirdə RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev geniş məruzə ilə çıxış edərək, Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan, qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, eyni zamanda uzaqgörən və məqsədyönlü siyasəti ilə öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, davamlı mübarizə apararaq onu əbədi müstəqilliyə qovuşdurmuş Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin xalqımızın müqəddəs mirası olduğunu bildirmiş, bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğundan bəhs etmişdir.
Tədbir yerli musiqiçilərin ifalarından ibarət konsert proqramı ilə davam etdirilib.

Gədəbəy Rayon Radio Verilişləri Redaksiyası